Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb
siyasət

Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb

19-09-2025 19:00 29 Baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb.

 

Tvit.az-ın məlumatına görə, Nümayəndələr Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü bildirib.

 

O bu cür parlamentlərarası platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.

 

Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün geniş imkanların olduğu qeyd edilib.

 

Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib.

 

Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında əməkdaşlığın gələcək perspektivlərindən danışılıb, bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.

 

Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması, hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.

 

Spiker Sahibə Qafarova, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstində Azərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.


Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.