Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Valdas Dambrauskas "Sabah"la tarix yazdı: İlk əcnəbinin "qızıl dubl"u
idman

Valdas Dambrauskas "Sabah"la tarix yazdı: İlk əcnəbinin "qızıl dubl"u

14-05-2026 16:00 25 Baxış
IMG

"Sabah" klubunun litvalı çalışdırıcısı Valdas Dambrauskas ölkəmizdə "qızıl dubl"a imza atan ilk əcnəbi baş məşqçi kimi adını tarixə yazdırıb.

 

Tvit.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Misli Premyer Liqasında çempionluğu hələ mövsüm bitmədən rəsmiləşdirən Masazır təmsilçisi Azərbaycan Kubokunun həlledici final matçında "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək bu böyük uğura çatıb.

 

Öz tarixində ilk dəfə "qızıl dubl" sevincini yaşayan "Sabah", eyni futbol mövsümü ərzində həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunu başı üzərinə qaldıran 5-ci komanda statusunu əldə edib.

 

Xatırladaq ki, ötən mövsümlər ərzində cəmi 4 klub tərəfindən ümumilikdə 11 dəfə "qızıl dubl" qeydə alınıb. Bu göstəricidə mütləq rekordçu 6 dəfə (1993, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) hər iki cəbhədə qalib olan "Qarabağ"dır. Paytaxtın digər təmsilçisi "Neftçi"nin aktivində 3 belə uğur (1995/1996, 2003/2004, 2012/2013) mövcuddur. "Sabah"la yanaşı, hərəyə bir dəfə bu zirvəni fəth edən digər klublar isə 1997/1998 mövsümündə "Kəpəz" və 2006/2007 mövsümündə "Xəzər Lənkəran" olub.

 

Dambrauskasa qədər əldə edilən əvvəlki 11 uğurun hamısında isə yalnız yerli mütəxəssislərin imzası olub. Rekord 5 dəfə "qızıl dubl" edən Qurban Qurbanova (2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) məxsusdur. Kazbek Tuayev (1995/1996, 2003/2004) və Ağasəlim Mircavadov (1993, 2006/2007) hərəyə iki dəfə, Mehman Allahverdiyev (1997/1998) ilə Böyükağa Hacıyev (2012/2013) isə rəhbərlik etdikləri komandalarla hərəyə bir dəfə bu tarixi nəticəyə çatıblar.