Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
siyasət

Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub

12-06-2026 21:00 26 Baxış
IMG

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Repatriasiya prosesinin ilkin mərhələsində repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri" və təyyarə biletləri ilə təmin edilib.

 

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

 

Repatriantların ölkəmizdə sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.