Rusiyaya üzərlik otu aparanlar həbs olunacaqlar.
Tvit.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı vəkil Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, rus dilində "isırık" adlanan üzərlik otunun tərkibində narkotik maddə olan karnin və karmalinin mövcudluğu bu otun Rusiya ərazisinə gətirilməsini cinayət məsuliyyəti ilə nəticələndirir.
Vəkil Qarayev bir neçə gün əvvəl əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşının Rusiya ərazisində bu cür hadisə ilə üzləşdiyini bildirib. Belə ki, həmyerlimiz Qazaxıstan sərhədindən Rusiya ərazisinə şəxsi avtomobili ilə keçərək Novosibirskə gedib. Novosibirskdə həmin şəxsin bacısı qardaşının yeni avtomobilinə göz dəyməməsi üçün üzərlik qoyub. Həmyerlimiz Qazaxıstana geri qayıdarkən Rusiya ərazisində avtomobilində üzərlik olduğu üçün saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Qazaxıstan vətəndaşı olan azərbaycanlını 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Vəkil Ələkbər Qarayev Rusiyaya səfər edən azərbaycanlılara xəbərdarlıq edərək istər əl, istərsə də yük çantalarında üzərlik otu gətirməmələrini tövsiyə edib. Əks halda, həbslə üzləşəcəklərini vurğulayıb.