Azərbaycan və Gürcüstan mərkəzi bankları süni intellektlə dəstəklənən sistemlərin təcrübədə tətbiqi imkanlarını müzakirə edib.
Tvit.az bu barədə Gürcüstan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində bu ölkənin Milli Bankında olub.
Səfər çərçivəsində Gürcüstan Milli Bankının əməkdaşları AMB-nin nümayəndə heyətinə riskə əsaslanan nəzarət, pulların yuyulmasına qarşı mübarizə və maliyyə texnologiyaları sahəsində mövcud təcrübə və praktikadan bəhs ediblər. Eyni zamanda, Gürcüstan Milli Bankında tətbiq edilmiş risk limitlərinin avtomatlaşdırılmış nəzarəti və süni intellektlə dəstəklənən sistemlərin praktikada tətbiqi imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu görüşlər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın dərinləşməsi istiqamətində atılmış mühüm addımdır və hər iki tərəfdə riskə əsaslanan nəzarət mexanizmlərinin inkişafına töhfə verəcək.
Məlumatda bildirilir ki, belə işçi görüşlər hər iki ölkənin mərkəzi bankı üçün vacibdir və maliyyə sabitliyi sahəsində regional əlaqələrin möhkəmlənməsini təmin edir.