Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması İrəvan üçün Avropa İttifaqına (Aİ) inteqrasiya imkanını açıb.
Tvit.az xəbər verir ki, bu barədə Kansler Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, İrəvan və Bakı arasındakı sülh prosesi nümunəsi göstərir ki, "birgə səylər, diplomatiya və qarşılıqlı hörmət davamlı sülh proseslərinə gətirib çıxara bilər". O vurğulayıb ki, məhz Azərbaycanla sülh Ermənistan üçün Avropa istiqamətində perspektiv açan əsas amil olub.
Kansler qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlük yolu Kopenhagen meyarlarının yerinə yetirilməsini tələb edir.
Paşinyan isə qeyd edib ki, Ermənistan ilə Aİ arasında tərəfdaşlığın dərinləşdirilməsində Almaniyanın dəstəyinə böyük əhəmiyyət verir və Aİ-yə üzvlük üçün "çətin və uzun yolda" gələcək siyasi dəstəyə ümidvar olduğunu ifadə edib.