Almaniyanın "Borussiya" (Dortmund) klubu "Mançester Yunayted"in (İngiltərə) yarımmüdafiəçisi Ceydon Sançonu azad agent kimi transfer etməyə yaxındır.
Tvit.az-ın "The Mirror"a istinadən məlumatına görə, 26 yaşlı ingiltərəli futbolçu Bundesliqaya qayıtmaq niyyətindədir.
Dortmund təmsilçisi artıq Sançoya komandaya qoşulacağı təqdirdə maaşının azaldılması ilə razılaşmalı olduğunu bildirib. Futbolçunun özü də karyerasını yenidən canlandırmaq üçün 2021-ci ildə 85 milyon avro qarşılığında tərk etdiyi "Borussiya"ya qayıtmaqda maraqlıdır. Sançonun bu səbəbdən maliyyə şərtlərinin aşağı salınmasına razı olacağı gözlənilir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümünü icarə əsasında "Aston Villa"da keçirir. O, Birminqem təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 1 qola və məhsuldar ötürməyə imza atıb. Sançonun "Mançester Yunayted"lə hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir.
"Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.