1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.
Tvit.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilib.
Qeyd edilib ki, Baş Prokurorluq və DİN əməkdaşlarının həyata keçirdikləri çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək, tamah məqsədi və törətdikləri digər cinayəti gizlətmək üçün Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 1996-cı il aprelin 10-da Bakı şəhəri, "Neftçilər" metro stansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə qəsdən öldürüblər.
Daha sonra cinayətkarlar izləri gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədib, zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq satıblar. Əldə olunan vəsait aralarında bölüşdürülüb.
Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
2026-cı il aprel 22-tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.