Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Nuran Kərimov AmCham Azərbaycanın Yeni Prezidenti seçilib
sosial

Nuran Kərimov AmCham Azərbaycanın Yeni Prezidenti seçilib

19-06-2026 15:00 29 Views
IMG

AmCham Azərbaycanın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib.

Tvit.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov AmCham Azərbaycanın Yeni Prezidenti seçilib.  

Nuran Kərimovun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idarə heyəti növbəti iki il ərzində AmCham Azərbaycanın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.

Nuran Kərimov, 2003-cü ildə Deloitte-a qoşularaq şirkətin Azərbaycandakı vergi praktikasının əsasını qoyub. O, peşəkar fəaliyyətinin böyük hissəsini yerli və beynəlxalq vergi məsələləri sahəsinə həsr edib. Cənab Kərimov müxtəlif vergi və biznes məsələləri üzrə həm beynəlxalq, həm də Azərbaycan şirkətlərinə, eləcə də fərdi müştərilərə məsləhət xidmətləri göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.

Deloitte-a qoşulmazdan əvvəl Nuran Kərimov Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlarda hüquq və vergi sahələri üzrə peşəkar kimi çalışıb. O, 2008-ci ildə partnyor, 2011-ci ildə isə pay sahibi partnyoru (Equity Partner) səviyyəsinə yüksəlib. Nuran Kərimov ABŞ-ın Corciya Universitetinin Hüquq Magistri (LL.M.) dərəcəsinə, həmçinin Rusiyanın Voronej Dövlət Universitetinin Hüquq üzrə bakalavr dərəcəsinə malikdir.

Qeyd edək ki, Nuran Kərimov AmCham Azərbaycanın İdarə Heyətinin üzvü və Prezidenti kimi fəaliyyət göstərdiyi dövrlərdə uğurlu və səmərəli rəhbərlik təcrübəsi nümayiş etdirib və təşkilatın inkişafına mühüm töhfələr verib.

Nuran Kərimov ailəlidir, bir qızı və iki oğlu var.