İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
Tvit.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.
Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.
Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13–15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11–12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.
Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.