Google ilin əvvəlində təqdim etdiyi “Personal Intelligence” (Fərdi Zəka) funksiyasını daha geniş istifadəçi auditoriyasına açmağa başlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni texnologiya ilkin mərhələdə ABŞ-da aktivləşdirilib və Google Axtarış sistemindəki süni intellekt rejimi, Gemini tətbiqi və Chrome brauzerinə inteqrasiya olunmuş Gemini vasitəsilə istifadə olunur.
Sistem Gmail və Google Foto kimi xidmətlərlə əlaqəli şəkildə işləyərək istifadəçinin əvvəlki fəaliyyətlərini təhlil edir və fərdiləşdirilmiş tövsiyələr təqdim edir. Bu zaman istifadəçidən əlavə məlumat tələb olunmur, süni intellekt mövcud məlumatlara əsaslanaraq qərarlar verir.
“Fərdi Zəka” gündəlik həyatı asanlaşdıran bir sıra imkanlar təqdim edir. Funksiya istifadəçinin zövqünə uyğun alış-veriş təklifləri verir, əvvəl alınmış məhsullara uyğun yeni seçimlər təqdim edir. Texniki problemlər zamanı cihaz və alış tarixçəsinə əsaslanaraq uyğun həll yolları təklif edir.
Bununla yanaşı, sistem sıx qrafiki olan istifadəçilərə dəstək göstərir, səfərlər zamanı yemək variantları, məsafə və vaxt hesablamalarını avtomatik şəkildə planlaşdırır. Səyahət həvəskarları üçün isə standart siyahılar əvəzinə maraq dairəsinə uyğun fərqli məkanlar təklif edir.
Yeni funksiya istifadəçilərə yeni hobbilər tapmaqda da kömək edir, onların maraqlarına uyğun istiqamətlər təklif edərək fərdi inkişafı dəstəkləyir.
Hazırda ABŞ-da istifadəyə verilən “Fərdi Zəka” funksiyası Gemini tətbiqi və Chrome üzərindən mərhələli şəkildə pulsuz istifadəçilərə təqdim olunur. Şirkət yaxın zamanda bu yeniliyin digər regionlarda da aktivləşdiriləcəyini açıqlayıb.
Aysel Şirinova