Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev Fərman imzaladı
siyasət

İlham Əliyev Fərman imzaladı

25-06-2026 15:00 13 Просмотров
IMG

Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Tvit.az fərmanın mətnini təqdim edir:

 

1. Müəyyən edilsin ki:

1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsində və 35-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 9.4-cü maddəsində və 35-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1 iki ay müddətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni;

2.1.2. altı ay müddətində həmin Qanunun 35-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını;

2.2. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, jetonların hazırlanmasına tələb olunan vəsaitə dair təkliflərini müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsindən irəli gələn məsələləri həll etsin.

5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddə 549, № 8, maddə 773, № 12 (I kitab), maddə 1153; 2026, № 2, maddə 123) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5.1-ci bənddə “maddəsində (birinci halda)” sözləri “(birinci halda), 9.4-cü maddələrində” sözləri ilə əvəz olunsun və həmin bəndə “35.2-ci maddələrində,” sözlərindən sonra “35-1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

5.2. 5.2-1-ci bəndə birinci halda “(ikinci halda),” sözlərindən sonra “9.4-cü maddəsində,” sözləri, “15.3-cü” sözlərindən sonra “, 35-1-ci” sözləri əlavə edilsin.