Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Yeni transferlər bir-birini tamamlaya bilmir - Qurbanov
СПОРТ

Yeni transferlər bir-birini tamamlaya bilmir - Qurbanov

12-08-2026 15:00 7 Просмотров
IMG

İlk növbədə “Sabah”ı təbrik edirəm. Həm yaxşı oyunla, həm də yaxşı qələbə ilə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandılar. Onlara orada da uğurlar arzulayıram. Bu, çox böyük nailiyyət və uğurdur. Buna yalnız sevinməliyik.

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”su ilə evdə keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının cavab matçına hazırlığından danışıb:

“Pis hazırlaşmamışıq. Bir neçə gün vaxtımız oldu və bundan səmərəli istifadə etdik. Baxmayaraq ki, 0:1 hesabı ilə geridəyik, yaxşı oyun göstərib, yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular sona qədər oyuna tam köklənəcəklər. Qarşımızda hesabda öndə olan və yaxşı müdafiə olunan rəqib var. Futbolçuların yaxşı nəticə üçün meydanda əllərindən gələni edəcəyinə inanıram”.

Qurbanov ilk qarşılaşmada futbolçuların yol verdiyi texniki səhvlərə də toxunub:

“Bəzən oyunun tempi aşağı olanda səhvlər artır. Rahatlıq yaranır, topla davranışda diqqətsizlik olur. Yaxşı nəticə əldə etmək istəyiriksə, bu səhvləri azaltmalıyıq. Xüsusilə texniki səhvlər daha az olmalıdır. Ola bilər ki, yeni futbolçular hələ meydanda bir-birlərini tamamlaya bilmirlər. Amma təcrübəli futbolçular üçün futbolun dili birdir. Daha diqqətli və konsentrasiyalı olmalıdırlar”.

Baş məşqçi bəzi futbolçuların öz mövqelərindən fərqli yerlərdə çıxış etməsi ilə bağlı suala da münasibət bildirib:

“Oynamayan futbolçular daha çox düşünməlidirlər ki, niyə oynamırlar. Əgər həmin mövqenin futbolçusudursa, niyə meydanda deyil? Zubirdən həmişə sol cinah hücumçusu kimi daha çox effekt götürmüşük. Amma istənilən komandada, istənilən oyunda müəyyən rotasiyalar ola bilər”.

Qurbanov hücum xəttindəki problemləri gizlətmədiyini vurğulayıb:

“Əgər hücum xəttimiz qol vurmursa, bunu problem kimi qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, bunu da qəbul edirəm. Bu o demək deyil ki, üzərində işləmirik. Analiz edirik, futbolçulara göstəririk və məşqlərdə çalışırıq. Ola bilər ki, hazırda alınmır, amma müəyyən dövrdə bunun tam əksi olacaq. Problem varsa, niyə qəbul etməməliyəm? Ən yaxşı olduğumuz vaxtlarda da problemlərimiz olub”.

Ağdam klubunun çalışdırıcısı Kaşukun hücum xəttində oynadılması barədə də danışıb:

“Kaşukun ən üstün cəhətlərindən biri zərbə vurmaq və qol imkanlarından istifadə etmək bacarığıdır. Məşqlərdə də ən sərrast futbolçularımızdan biridir. Sadəcə həmin mövqe onun üçün tam uyğun olmaya bilər. Mövcud vəziyyətə görə belə addım atdıq. Sabah üçün də bəzi variantları nəzərdən keçiririk. Məşqlərdə müəyyən rotasiyalar etmişik. Musa zədədən sonra hələ 90 dəqiqə oynamayıb, Çepas isə komandaya sonradan qoşulub. Buna görə hər şeyi götür-qoy edirik”.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiev) matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.