Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan "Şimal-Cənub" dəhlizi ilə yüklərin tranzitindən ildə 300 milyon dollara qədər gəlir əldə edə bilər
sosial

Azərbaycan "Şimal-Cənub" dəhlizi ilə yüklərin tranzitindən ildə 300 milyon dollara qədər gəlir əldə edə bilər

27-05-2025 17:00 38 Просмотров
IMG

Azərbaycan Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə öz ərazisindən keçən yüklərin tranzitindən illik 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

 

Onun sözlərinə görə, İran və Azərbaycan arasında nəqliyyat əməkdaşlığı ikitərəfli münasibətlərin əsas sahələrindən biridir və bu kontekstdə "Şimal-Cənub" dəhlizinin inkişafı xüsusi əhəmiyyət kəsb edir:

 

"Bu marşrut üzrə yük daşımalarının həcmi 2023-cü ildə 50 % artıb. Ağbənd dəmir yolu körpüsünün tikintisi də ölkələrimizin logistika imkanlarının genişləndirilməsində mühüm rol oynayıb".

 

H.Ərşadi vurğulayıb ki, "Şimal-Cənub" dəhlizi Avropa və Asiya arasında ən qısa və ən səmərəli tranzit marşrutu kimi çıxış edir: “Onun inkişafı təkcə regional əlaqələri gücləndirmir, həm də iqtisadi diversifikasiyaya və beynəlxalq ticarətin artımına töhfə verir”.

 

O qeyd edib ki, Hindistan və Cənub-Şərqi Asiyadan mallar İranın Bəndər-Abbas limanı və Azərbaycan ərazisi vasitəsilə çatdırılacaq: “Marşrut üzrə potensial daşıma həcmi ildə 15 milyon tona qədərdir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır - ildə təxminən 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər".

 

Ekspert əlavə edib ki, bu marşrut üzrə yüklərin çatdırılması alternativ istiqamətlərlə müqayisədə 10-15 % daha ucuz olacaq: "Qət edilən məsafə Süveyş kanalından keçən marşrutla müqayisədə 800 km azalacaq, çatdırılma müddəti isə 20 gün qısalacaq. Bundan əlavə, marşrut yüklərin təyinat məntəqəsinə daha etibarlı çatdırılmasını təmin edir".

 

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, hər 15 ton daşınan yükə 2 500 ABŞ dollarından çox məbləğdə qənaət etmək mümkün olacaq. "Bu kontekstdə "Şimal-Cənub" dəhlizinin qərb marşrutu - Rusiyanın Həştərxan və Mahaçqala şəhərləri vasitəsilə daha sonra Azərbaycan ərazisindən Samurdan Astaraya qədər və daha sonra İranın tikintisi davam edən Astara-Rəşt-Qəzvin dəmir yolu xətti ilə - region və ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır", - H.Ərşadi vurğulayıb.