"Tvente"də çıxış edən Niderland çempionu Ronni Stam narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Tvit.az NU-ya istinadən xəbər verir ki, Breda məhkəməsi keçmiş peşəkar idmançını digər məsələlərlə yanaşı, kokain alverində də təqsirli bilib.
Stam 2024-cü ilin iyununda saxlanılıb və o vaxtdan bəri həbsdədir. 41 yaşlı oyunçu və onun 43 yaşlı qardaşı Rudi cinayətkarların deşifrə olunmuş yazışmaları sayəsində polisin diqqətini cəlb ediblər.
Məhkəmə müəyyən edib ki, Ronni Stam Çilidən təxminən 700 kiloqram kokain idxalında iştirak edib və bu prosesdə əlaqələndirici rol oynayıb. İstintaqın məlumatına görə, qardaşlar qlobal narkotik ticarəti şəbəkəsinin bir hissəsi olublar.
Rudi Stam bu iş üzrə qiyabi olaraq üç il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun Dubayda gizləndiyi güman edilir.
Bundan əlavə, qardaşlara cinayətdən əldə etdikləri 1,7 milyon avronu dövlətə qaytarmaq və 30 min avro cərimə ödəmək tapşırılıb.