Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlığın strateji gündəminə dair birgə deklarasiya imzalayıblar.
Tvit.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, sənəd Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniyanın kansleri Fridrix Mers tərəfindən imzalanıb.
Deklarasiyanın imzalanmasından sonra keçirilən mətbuat konfransında Paşinyan Almaniyaya səfərini tarixi adlandırıb və bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq mərhələsinə daxil olur.
Paşinyan alman həmkarına Vaşinqton razılaşmalarının bağlanmasından sonra regionda baş verən proseslər barədə məlumat verib, həmçinin kommunikasiyaların açılması şəraitində regionda yaranan geniş imkanlardan danışıb.
Öz növbəsində Almaniya kansleri qeyd edib ki, Berlin Ermənistanın Avropaya yaxınlaşmasında maraqlıdır. Mersin sözlərinə görə, tərəflər konkret layihələr üzrə razılığa gəliblər; xüsusilə Almaniya Ermənistana enerji təchizatı sahəsində bir sıra layihələrdə kömək edəcək və bu sahədə daha çox müstəqillik əldə etməsinə dəstək göstərəcək.
Tərəflər həmçinin Almaniyanın Ermənistanın dayanıqlığının artırılmasına necə töhfə verə biləcəyini müzakirə ediblər. Mers bildirib ki, Berlin suverenlik və təhlükəsizliyin gücləndirilməsi məsələlərində Ermənistana yardım etmək istəyir.