Maaşın verilmə müddətləri ilə bağlı qaydalara dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, aylıq maaş işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans və qalan məbləğ) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə ödənilməlidir. İllik maaş üzrə hesablanan işçilərə isə əmək haqqı ayda bir dəfədən az olmayaraq verilir.
Tvit.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, yeni sistemin tətbiqi işçi ilə işəgötürən arasındakı münasibətlərin beynəlxalq standartlara daha uyğun şəkildə tənzimlənməsinə xidmət edir:
“Bir sıra ölkələrin qanunvericiliyində maaşın ay ərzində bir neçə dəfə verilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur, bu, həm dövlət, həm də özəl sektoru əhatə edir. Nəticə etibarilə qanunvericilik işçinin aylıq maaşının bir dəfə deyil, bəzi hallarda ay ərzində iki və ya daha çox dəfə almasına imkan yaradır. Bu isə faktiki olaraq aylıq maaşın müəyyən dövrlərə bölünərək ödənilməsi deməkdir”.
Deputat vurğulayıb ki, digər mühüm məqam ondan ibarətdir ki, sözügedən yanaşma xüsusilə işçilər üçün şəxsi və ailə büdcəsinin düzgün planlaşdırılması baxımından əhəmiyyətlidir. Onun fikrincə, gəlirlərin daha qısa intervallarla əldə edilməsi xərclərin planlaşdırılmasını və büdcənin idarə edilməsini asanlaşdırır:
“Hazırda bu proses işəgötürənlər üçün əlavə yük yaratmır. Çünki maaşın hesablanması, vergilərin ödənilməsi və müvafiq hesabatlılıq elektronlaşdırılıb. Bu isə hər hansı risklərin yaranmasının qarşısını alır. Əksinə, yeni sistemə keçidin əsas səbəblərindən biri məhz həm dövlət, eləcə də özəl sektorda proseslərin geniş elektronlaşdırılmasıdır. Elektronlaşdırma isə öz növbəsində prosedurların daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir”.
Qeyd edək ki, layihəyə görə, dəyişiklikdən sonra maaş işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Bundan əlavə, tərəflərin qarşılıqlı razılığı olduğu halda, aylıq əmək haqqı əvvəlki qaydada iki hissəyə bölünərək (avans və qalan məbləğ) on altı gündən artıq olmayan fasilə ilə ayda iki dəfə də verilə biləcək.