Zaminlik çox ciddi bir öhdəlikdir. Zamin olmaq o deməkdir ki, borclu öhdəliyini yerinə yetirmədiyi halda ona borc verən kreditor (bank və ya digər şəxs) borcu zamindən və borcalandan tələb edə bilər. O cümlədən də, məhkəmədə bununla bağlı iddia qaldıra bilər.
Bu fikirləri hüquqşünas Əkrəm Həsənov Tvit.az-a açıqlamasında bildirib.
O, zaminlərin hüquqlarından da danışaraq bildirib ki, onların məhkəməyə müraciət hüquqları var:

"Təbii ki, əgər borc faktiki zamindən tutulacaqsa (tam və ya qismən) zamin öz növbəsində ondan tutulan borc məbləğini məhkəmə yolu ilə borc alandan tələb edə bilər. Bu, qanuni yol ilə dəstəklənir"
Əkrəm Həsənov zaminlikdən çıxmağın təktərəfli qaydada mümkün olmadığını, bununla yanaşı müəyyən hallarda zaminliyə xitam verildiyini vurğulayıb:
"İlk növbədə borc müddəti bitəndən 1 il keçirsə, bank yaxud borcverən məhkəməyə müraciət etməyibsə, zaminliyə xitam verilir. Burada diqqət edilməli digər məqam ondan ibarətdir ki, zaminlik müqaviləsində başqa müddət nəzərdə tutulmasın. Məsələn, kredit 3 illik müddətə verilib, zamin var. 3 il bitdi, borc qaytarılmadı, 1 il də bitdi, bank məhkəməyə verməyibsə, zaminliyə xitam verilmiş hesab olunur. Artıq bank yalnız borcalandan borcunu tələb edə bilər. Əks halda, müqavilədə borcu tələbetmə vaxtı yazılıbsa ( 3, 5 və digər) bu hal aid deyil. Azərbaycanda isə bir qayda olaraq belə gedişat olmur.
Digər hal ondan ibarətdir ki, əgər kredit müqaviləsinə zaminin razılığı olmadan onun vəziyyətini ağırlaşdıracaq dəyişiklik edilibsə, zaminliyə xitam verilmiş hesab olunur.
Məsələn, borc məbləği və kredit artırılıb. 3 illik kredit verilir, zaminin razılığı olmadan bank ilə borc alan kredit müddətini artırıb 4 və ya 5 il edirsə, zaminin razılığı olmadığı halda müqaviləyə xitam verilir.
Aysel Şirinova,
Tvit.az