Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının miqyası genişlənir" - Əhməd İsmayılov
sosial

"Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının miqyası genişlənir" - Əhməd İsmayılov

18-12-2025 12:00 15 Baxış
IMG

Dezinformasiyaya qarşı dayanıqlı mübarizə modelləri ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət kəsb edir. Yalan məlumatlar, təxribat məqsədi ilə yayılan xəbərlər tarixin bütün dövrlərində insanların kütləvi şüuruna təsir göstərən ciddi amil kimi dəyərləndirilsə də, bu, son zamanlar ölkələrin sosial-mədəni səviyyəsindən asılı olmayaraq, hər kəsin düşüncəsinə daha geniş miqyasda təsir göstərməyə başlayıb.

"Tvit.az" xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda çıxışı zamanı səsləndirib.

Ə.İsmayılov qeyd edib ki, bir zamanlar dezinformasiya dalğası yalnız siyasi məzmun daşıyır və ənənəvi medianın kontent manipulyasiyası vasitəsi ilə yayılırdısa, indi mənzərə tamamilə dəyişib: “İndi media manipulyasiyaları ilə yanaşı, texnoloji inkişafın gətirdiyi yeniliklər də yalan məlumatların sürətlə yayılmasına imkan yaradır. Bu baxımdan, istənilən ölkə məzmunundan asılı olmayaraq dezinformasiya dalğasının hədəfinə çevrilə bilər”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun sözlərinə görə, Türk dövlətləri də belə sistemli informasiya təhdidlərinə məruz qalır. Qeyd edib ki, mürəkkəb coğrafiyalarda yerləşmiş türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir. “Bu tendensiya bizim ümumi problemimizdir və onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır”, - deyə Ə. İsmayılov vurğulayıb.

Medianın İnkişafı Agentliyinin rəhbəri bildirib ki, Azərbaycanda dezinformasiya problemi ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir: “Xüsusilə, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik səpmək üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir”.

Bu kimi zərərli tendensiyaları aradan qaldırmaqda peşəkar medianın üzərinə ikiqat məsuliyyət düşdüyünü bildirən Ə.İsmayılov, hər bir ölkənin doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin möhkəmləndirilməsinin əsas məqsəd olduğunu deyib.