Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ceyhun Bayramov: "Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları irəli sürməsi ilə bağlı fikirlər əsassızdır"
sosial

Ceyhun Bayramov: "Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları irəli sürməsi ilə bağlı fikirlər əsassızdır"

26-12-2025 18:00 21 Baxış
IMG

"Azərbaycan dövlətinin guya Ermənistana qarşı ərazi iddiaları irəli sürməsi barədə səsləndirilən fikirlər tamamilə əsassızdır".

 

Tvit.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, soydaşlarımız - Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dalğa şəklində, yüz minlərlə insan olmaqla, öz dədə-baba torpaqlarından didərgin salınıblar:

 

"Bu prosesin son mərhələsi 1990-cı illərin əvvəllərinə, Birinci Qarabağ müharibəsi ərəfəsinə təsadüf edir və həmin dövrlə paralel şəkildə baş verib.

 

Qərbi Azərbaycan İcmasının son illər ərzində bir icma kimi bu istiqamətdə apardığı fəaliyyət, onların həmin ərazilərdə zəngin maddi və qeyri-maddi mədəni irsə malik olduqlarını sübut etməsi, bu irsin dağıdılması, mənimsənilməsi və unudulmasının qarşısının alınması üçün gördükləri işlər təbii ki, təqdirəlayiqdir.

 

Biz görürük ki, bu fəaliyyətlər həm ölkə daxilində, həm də beynəlxalq platformalarda həyata keçirilir. Bu, beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də müxtəlif paytaxtlarda keçirilən çoxsaylı akademik görüşlər vasitəsilə aparılır, məlumatlar təqdim olunur, faktlar toplanır və sənədləşdirilir.

 

Bu, insanların fundamental hüquqları çərçivəsində baş verən bir fəaliyyətdir və hesab edirik ki, burada hər hansı spekulyasiyaya yol verilməməlidir. Məsələyə yalnız insan hüquqları kontekstində yanaşılmalıdır. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı guya Ermənistana qarşı ərazi iddiaları irəli sürməsi barədə səsləndirilən fikirlər tamamilə əsassızdır və bu cür təqdimatlar reallığı əks etdirmir. Biz hesab edirik ki, söhbət çox böyük bir icmanın fundamental hüquqlarından gedir. Son bir neçə il ərzində beynəlxalq müstəvidə bu mövzunun işıqlandırılması baxımından ciddi irəliləyişlər müşahidə olunur və biz bunu açıq şəkildə hiss edirik".