Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “Bir fakt göstərsinlər ki, suallar proqrama və dərsliyə uyğun deyil” - DİM sədri iddialara cavab verdi
sosial

“Bir fakt göstərsinlər ki, suallar proqrama və dərsliyə uyğun deyil” - DİM sədri iddialara cavab verdi

13-03-2026 20:00 19 Baxış
IMG

Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır. İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia ediblər.

"Tvit.az" Oxu.az-a istinadən xəbər verir ki, aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə iddialara cavab verib. 

O bildirib ki, bu iddialar əsassızdır: 

"Mən təəssüf edirəm ki, bu iddianı son zamanlar ictimaiyyət arasında yaymağa çalışırlar. Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında imtahan proqramlarını ictimaiyyətə təqdim edir. Artıq bir neçə ildir ki, sual kitabçalarını da iştirakçılara təqdim edirik. Yəni uşaqlar imtahandan sonra kitabçaları özləri ilə aparırlar. Bu bir növ bizim ictimai imtahanımızdır. Onu da qeyd edim ki, bu, çox nadir təcrübədir və demək olar ki, digər ölkələrin praktikasında bunu görmürük. Həmçinin imtahandan dərhal sonra nəinki tapşırıqları, hətta onların izahını, hansı alt-standartı yoxlamaq üçün tərtib olunduğunu belə öz saytımıza yerləşdiririk. İmtahan başa çatan kimi, DİM-in "YouTube" kanalında ekspertlərimiz imtahanda istifadə olunan tapşırıqları izah edirlər, mənbəni göstərirlər. Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil.

Sentyabr ayından etibarən ayda bir dəfə olmaqla təhsil və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüşlərə start vermişik. Həmin vaxt proqramları, sonrakı görüşlərin birində isə test modellərini müzakirəyə çıxarmışdıq ki, ekspertlər, pedaqoji ictimaiyyət nümayəndələri öz fikirlərini bildirsinlər. Çox təəssüf ki, bu görüşlərə gələn çox az adam olur. Ancaq sosial şəbəkələrdə bəzi insanlar heç bir əsas olmadan proqram və testlərin ona uyğun olmaması fikrini tirajlayıb insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Halbuki bunlar hamısı əsassız fikirlərdir".