Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Emin Əmrullayev: Uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi də diqqət mərkəzində olmalıdır
sosial

Emin Əmrullayev: Uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi də diqqət mərkəzində olmalıdır

30-04-2026 15:00 33 Baxış
IMG

Cəmiyyətdə uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi və psixoloji-emosional inkişaf məsələləri də diqqət mərkəzində olmalıdır.

Tvit.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər:

"Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Təəssüf ki, bəzən müzakirələr uşaqlar üçün deyil, sadəcə uşaqlar ətrafında aparılır. Halbuki əsas məqsəd uşağın real ehtiyaclarını anlamaq və ona uyğun həll yolları tapmaq olmalıdır".

Nazir qeyd edib ki, uşaqların tərbiyəsi xüsusi həssaslıq tələb edən mühüm məsələdir:

"Tərbiyə məsələləri mürəkkəbdir və tərbiyəliliyi ölçmək hər zaman asan olmur. Buna baxmayaraq, məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər".

E.Əmrullayevin fikrincə, təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir:

"Evdə olan kitabların sayı, valideynlərin kitab oxumağa münasibəti, uşağın tədris prosesi ilə maraqlanması, mövud problemləri müzakirə etməsi valideynin öhdəliyindədir. Belə sadə əməllərin icrası uşağın inkişafına və təlim-tərbiyəsinə təsir edən vacib prosesdir".