Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
sosial

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

13-05-2025 15:00 14 Baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib.

 

Bu barədə Tvit.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, “Əmək və məşğulluq” altsistemi üzərindən aparılan nəzarət zamanı bəzi işəgötürənlərin qüvvədə olan əmək müqavilələrini hələ də elektron sənəd formasına keçirmədiyi müşahidə olunub.

 

"Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qanunvericiliyin tələbidir. Bu tələbin vaxtında və düzgün icrası, əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir",- müraciətdə bildirilib.

 

Xatırladaq ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti Azərbaycan dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək (bu mərhələ üzrə müddət artıq bitib), iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün isə 2026-cı il 1 yanvaradək müəyyən edilib.