Heydər Əliyev Beynəlxalq Hava Limanı üçün 2045-ci ilə qədər planlaşdırma üfüqü olacaq kompleks Baş Plan hazırlanır.
Tvit.az xəbər verir ki, bu barədə “Azerbaijan Airlines” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev “Global Airspace Radar” nəşrinə müsahibəsində bildirib.
F.Quliyev qeyd edib ki, bununla paralel olaraq Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının (NAS) həyata keçirilməsi üzərində iş aparılır: “Strategiya Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və ölkənin aeronaviqasiya sisteminin müasirləşdirilməsində əsas mərhələ olacaq”.
AZANS-ın direktoru vurğulayıb ki, sənəd dörd əsas istiqamətdə milli prioritetləri nəzərə alacaq:
"Birincisi, hava məkanı strukturunun - səmərəliliyin və buraxılış qabiliyyətinin artırılması üçün - optimallaşdırılması nəzərdə tutulur. Bura hava məkanının təkmilləşdirilmiş sektorlaşdırılması, birbaşa marşrutlaşdırma və “Free Route Airspace” (sərbəst marşrut hava məkanı) konsepsiyasının tətbiqi daxildir.
İkincisi, hava hərəkətinin idarə edilməsi (ATM) sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Bura müasir rəqəmsal həllərin tətbiqi ilə: AIS2AIM, ATFM-platformaları, eyni zamanda ADS-B kosmik müşahidə sistemlərindən istifadəyə hazırlıq daxildir”.
F. Quliyevin sözlərinə görə, üçüncü istiqamət dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyasını nəzərdə tutur: “Bu, CO2 emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarının optimallaşdırılması, PBN-in (xüsusiyyətlərə əsaslanan naviqasiya) tətbiqinin genişləndirilməsi və buraxılış qabiliyyətinin artırılması zamanı ekoloji uyğunluğun təmin edilməsi vasitəsilə həyata keçirilə bilər.
Nəhayət, dördüncü istiqamət çərçivəsində idarələrarası və regional əməkdaşlığın gücləndirilməsi gözlənilir, o cümlədən mülki və hərbi strukturlar arasında koordinasiya, normativ bazanın uyğunlaşdırılıması və texniki tərəfdaşlığın genişləndirilməsi gözlənilir".
O vurğulayıb ki, infrastruktur layihələr artıq aktiv icra mərhələsindədir: “Xüsusilə, NAS-ın flaqman layihəsi Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının inşası üçün aeronaviqasiya infrastrukturunun və hava məkanının yaradılmasını nəzərdə tutur”.
F.Quliyevin sözlərinə görə, bu hab təkcə Azərbaycanın logistik imkanlarını gücləndirməyəcək, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və “Silk Way Group” ilə əməkdaşlıq çərçivəsində hazırlanan ölkədə ilk sertifikatlaşdırılmış "yaşıl hava limanı" olacaq.
AZANS HHİ-nin direktoru bildirib ki, yeni hava limanı aviasiya sənayesinin aparıcı istehsalçılarının qabaqcıl CNS/ATM sistemləri ilə təchiz ediləcək və onun əsasında ilkin olaraq ekoloji cəhətdən səmərəli və davamlı əməliyyat həlləri prinsipləri qoyulub: "Bu baxımdan AZANS aviasiya sənayesində ətraf mühitə təsirin azaldılmasına yönəlmiş “CANSO GreenATM” proqramına qoşulub".