Rusiya, BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülən Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbokun seçilməsi üçün səsvermə keçirilməsini tələb edib.
Tvit.az xəbər verir ki, bu barədə TASS agentliyinə BMT-dəki mənbə məlumat verib.
Əvvəlcə Berbok bu vəzifəyə yeganə namizəd idi və onun akklamasiya yolu ilə seçiləcəyi gözlənilirdi. Lakin Rusiya Federasiyasının tələbi ilə gizli səsvermə keçirilib. Nəticədə, Berbok 167 ölkənin səsini qazanaraq sədr seçilib. Bununla belə, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, bir sıra üzv ölkələr Berbokun namizədliyinə etiraz ediblər və Almaniyanın əvvəlki namizədi Helqa Şmid yeddi səs toplayıb.
Polyanski həmçinin qeyd edib ki, Berbokun əvvəlki bəyanatları və fəaliyyəti onun qərəzsizliyinə şübhə yaradır. O, Berbokun "açıq rusofobiyası" və bir çox BMT üzv dövlətləri tərəfindən bölüşülməyən mövqeləri təşviq etməsi ilə yadda qaldığını vurğulayıb. Polyanski əlavə edib ki, Almaniya əvvəlcə bu vəzifəyə daha təcrübəli diplomat, ATƏT-in sabiq baş katibi Helqa Şmidin namizədliyini irəli sürmüşdü.
Aysel Şirinova