Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpası qlobal iqtisadiyyat üçün yaranmış sarsıntının başa çatması demək deyil. Çünki böhranın nəqliyyat və ərzaq təchizatı sistemlərinə təsiri enerji bazarlarına nisbətən daha uzun müddət hiss olunacaq.
Tvit.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı dərc etdiyi hesabatda bildirilir.
"Hörmüz boğazının açılması ilə gərgin vəziyyətin başa çatdığını düşünmək düzgün deyil. Media başlıqları nə desə də, böhran bununla bitmir", – deyə UNCTAD-ın rəsmi nümayəndəsi Marçelo Rizi Cenevrədə keçirilən brifinqdə hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, boğazın yenidən açılması ticarətin bərpası üçün zəruri şərt olsa da, kifayət etmir. Təchizat zəncirlərinin yenidən qurulması vaxt tələb edir, daşınma tarifləri və qiymətlər isə əvvəlki səviyyəyə dərhal qayıtmır.
UNCTAD xəbərdarlıq edib ki, yanacaq, daşınma və ərzaq xərclərinin yüksək qalması həmin ölkələrdə dövlət maliyyəsinə və ev təsərrüfatlarının büdcəsinə əlavə təzyiq göstərməyə davam edəcək.
Aysel Şirinova