Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezident Yaşar Güləri qəbul etdi
sosial

Prezident Yaşar Güləri qəbul etdi

13-05-2025 10:00 16 Просмотров
IMG

Prezident İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

 

Tvit.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.

 

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

 

Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

 

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.