Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç davam edən danışıqlar çərçivəsində İrəvana səfər etməyi planlaşdırdığını bəyan edib.
Tvit.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında iki ölkə arasında iqtisadi əməkdaşlığın müzakirəsinin vacibliyini vurğulayıb.
Xüsusi diqqəti Zəngəzur dəhlizi layihəsinə yönəldən nümayəndə onu strateji əhəmiyyətli əlaqə xətti adlandırıb. Onun sözlərinə görə, dəhliz yalnız Türkiyə ilə Ermənistan arasında deyil, həm də bütövlükdə Mərkəzi Asiyaya və türk respublikalarına birbaşa çıxış imkanı açacaq.
“Ümid edirəm ki, yaxın perspektivdə biz bu xətti aça biləcəyik və bununla da həm türk-erməni münasibətlərinin, həm də İğdır və Qars kimi regionların iqtisadiyyatının inkişafına töhfə verəcəyik”, – deyə o əlavə edib.
Kılıç həmçinin bildirib ki, Ermənistan tərəfi bu təşəbbüsə müsbət yanaşır və sərhədin açılmasına hazır olduğunu ifadə edib. O, bir sıra layihələrin həyata keçirilməsi üçün texniki məsələlərin həllinin vacib olduğunu vurğulayıb.
Aysel Şirinova