Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Meksika Birləşmiş Ştatlarının Koauila, Mexiko, Çixuaxua, Çyapas, Oaxaka, Yukatan, Tamaulipas, Sonora, Aquaskalyentes ştatlarında, Rusiya Federasiyasının Saxalin vilayətində yüksək patogen quş qripi xəstəliyi, həmçinin Saratov vilayətində, Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində və İsveç Krallığının Skane əyalətində qeydə alınmış nyukasl xəstəliyi aradan qaldırılıb. Həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizotik sağlamlıq statusu bərpa olunub.
Bu barədə Tvit.az-a Azərbaycan QidaTəhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.