Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ramiz Mehdiyevin bankı BAĞLANDI
sosial

Ramiz Mehdiyevin bankı BAĞLANDI

06-03-2026 15:00 47 Views
IMG

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

 

Bildirilib ki, qeyd olunan razılıq əsasında, "Bank BTB" ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.

 

"Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB" ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, "Bank BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

 

Beləliklə, "Bank BTB" ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

 

"Bank BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, "Bank BTB"nin əsas səhmdarı 76.7 faiz payla PA-nın sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz), bankın Müşahidə Şurasının sədri də eyni zamanda Rza Sadıq idi.