Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
sosial

Yuxarı sinif şagirdləri ilə bağlı yenilik

28-04-2026 22:00 17 Views
IMG

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

 

Tvit.az Trend-ə istinadən xəbər verir ki, qaydalarda V-VII siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

 

Belə ki, V-VII siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

 

Dinləyib-anlama bacarığı

 

Şagird mətni dinləyərkən əsas faktları və fikirləri qeyd edərək ümumiləşdirməli, dinlədiyi mətni mövzu, məzmun, struktur və ideya baxımından şərh etməli, dinlədiyi mətndəki obraz, hadisə və fikirlərə münasibət bildirməli və əsaslandırmalıdır.

 

Oxu bacarığı

 

Şagird mətni oxuyarkən müvafiq səs tonu seçməli, mətndəki məlumatları və onların ardıcıllığını müəyyənləşdirməli, kontekstdən çıxış edərək mətndə tanış olmayan söz və ifadələrin mənasını, faktlar və hadisələr arasındakı əlaqəni müəyyən etməli, müxtəlif mətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə etməli və yaradıcı yanaşmalıdır.

 

Danışma bacarığı

 

Şagird müzakirə və debatlarda tolerantlıq nümayiş etdirməli və danışanın fikrinə rəy bildirməli, şəkil və qrafik informasiya üzrə mətn qurub nəql etməli, şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə etməli, danışarkən səs tonunu tənzimləməli, pauza və məntiqi vurğudan, intonasiya, jest və mimikadan istifadə etməlidir.

 

Yazı bacarığı

 

Şagird yazısında fikir və məlumatların ardıcıllığına (xronoloji, qeyri-xronoloji, səbəb-nəticə) riayət etməli, yazısında ədəbi dilin normalarına əməl etməlidir.

 

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.