"Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir".
Tvit.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform - GSNP) I Baş Assambleyasında çıxışında deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi öz təcrübəsində işğal və hərbi təcavüzlə üzləşib: "Hələ altı il əvvəl ölkəmizin ərazisinin təxminən 20%-i işğal altında idi. Azərbaycan xarici hərbi təcavüz, işğal, mədəniyyət abidələrinin məhv edilməsi, etnik təmizləmə və şəhərlərin genişmiqyaslı şəkildə dağıdılmasını yaşayıb".
O vurğulayıb ki, bu gün ölkə ərazisinin, demək olar ki, 13%-i minalarla çirklənmiş olaraq qalır və bunu işğalın ağır mirası adlandırıb: "Lakin biz buna son qoya, öz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edə, eləcə də qonşu Ermənistanla əməkdaşlıq və qarşılıqlı fəaliyyət prosesinə başlaya bildik".
H.Hacıyevin sözlərinə görə, bu, Azərbaycanın xoş məramını, sülhə can atmasını və Cənubi Qafqazda yeni reallıqların formalaşdırılması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu göstərir.