Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhali köçürüləcək
sosial

Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhali köçürüləcək

06-07-2025 12:00 39 Views
IMG

Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

"Tvit.az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, kəndin inşası 2 mərhələdə həyata keçiriləcək. Hazırda birinci məhələnin inşası tam başa çatdırılıb:

"Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur".

L.Sarabi qeyd edib ki, buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1 498 fərdi evin inşası nəzərdə tutulur:

"Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır".

"Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir, - o əlavə edib.

Qeyd edək ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarovla birgə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.