İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatına start verilib.
Tvit.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.
Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib. Turan finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Əhmədov həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.
Orxan Hacıyev (87 kq) debütdə rumıniyalı Qabriel Stana 1:4 hesabıyla, Məzaim Mərdanov (130 kq) isə 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
Finallar sabah keçiriləcək.