Britaniya parlamenti "Rus İmperiya Hərəkatı"nı qadağan olunmuş təşkilatlar siyahısına daxil edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin 2000-ci il Terrorçuluğa qarşı mübarizə qanununa təklif etdiyi dəyişiklik 385 deputat tərəfindən dəstəklənib, 26 nəfər isə əleyhinə səs verib. Bundan əlavə, qara siyahıya daha iki təşkilat salınıb: ABŞ-də yəhudi icmalarına hücumlar planlaşdıran neofaşist "Maniacs Murder Cult" (MMC) qruplaşması və 20 iyun tarixində Britaniya Hərbi Hava Qüvvələrinin Brayz-Norton bazasında iki “Voyager” yanacaqdaşıyan təyyarəsinə zərər vurduğunu etiraf edən fələstinyönlü "Palestine Action" hərəkatı.
Qeyd edək ki, sənəd qəbul edilsə, bundan sonra bu üç təşkilata üzv olmaq, onların yığıncaqlarında iştirak etmək və ya hər hansı formada dəstək vermək Britaniyada cinayət hesab olunacaq. Bu əməllərə görə maksimum 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Aysel Şirinova