Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ÜDM 2022-2024-cü illərdə hər il orta hesabla 6,6 %, ümumilikdə isə 1,2 dəfə artıb.
Tvit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov işçi qrupların ilk iclasında bildirilib.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6% olduğu halda, 2024-cü ildə 67,8 %-ə yüksəlib.
Qeyd olunub ki, 2024-cü ilin sonuna Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78 %-ə çatıb.
“2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74 %-dir. Ötən ilin sonunadək proqram çərçivəsində 21,6 milyard manat vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb”, - M. Cabbarov bildirib.
Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.
“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlı və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək”, - nazir qeyd edib.