Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Su Ehtiyatları Agentliyi əhaliyə müraciət etdi
sosial

Su Ehtiyatları Agentliyi əhaliyə müraciət etdi

15-12-2025 19:00 38 Views
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

 

ADSEA-dan Tvit.az-a bildirilib ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.

 

Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Qış aylarında əsasən problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar nəticəsində yaranır. Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır.

 

Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir. İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmamasına görə sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı, sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə açıq havada qalan boruları, sayğacın özünü isti materiallarla örtmək, qutunun içərisini ağac yonqarı ilə doldurmaq vacibdir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.